Bu ölkədə 14 yaşdan kiçik uşaqlara sosial media QADAĞAN EDİLƏCƏK
Cənubi Koreya hökuməti 14 yaşdan kiçik uşaqların sosial media platformalarında hesab açmasını qadağan etməyi nəzərdən keçirir.
Ajans.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya Rabitə və Kütləvi Media Komissiyasının sədri Kim Çen Çula istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hökumət 14 yaşdan kiçik uşaqların sosial media hesabı yaratmasını məhdudlaşdırmağı, həmçinin 14–19 yaş arası yeniyetmələrin bu platformalardan həddindən artıq istifadəsini təşviq edən alqoritmlərin təsirini azaltmağı planlaşdırır.
Kim Çen Çul bildirib ki, parlamentdə azyaşlıların sosial mediadan istifadəsinin tənzimlənməsi ilə bağlı təxminən yeddi qanun layihəsi müzakirə olunur.
Bununla yanaşı, o, bu məsələyə ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb. Rəsmi xatırladıb ki, 2011-ci ildə Cənubi Koreyada 16 yaşdan kiçik şəxslərin gecə saat 00:00-dan 06:00-dək onlayn oyun oynamasını qadağan edən qanun qəbul edilmişdi. Lakin həmin qanun oyun sənayesinə mənfi təsir göstərdiyi və vətəndaşların əsas hüquqlarını məhdudlaşdırdığı əsas gətirilərək 2022-ci ilin yanvarında ləğv olunmuşdu.