Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyi ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı arasında yaranmış gərginlik barədə ilk dəfə açıq şəkildə danışıb.
Ajans.az UNIAN-a istinadən xəbər verir ki, Zelenski vəzifəsindən azad edilən müdafiə naziri Mixaylo Fedorovun prezident komandasında rəhbər vəzifədə fəaliyyətini davam etdirəcəyini bildirib.
"Mən birliyi çox istərdim. Tərəflər hələ də buna nail ola bilməyiblər. Bu, təkcə onların deyil, həm də mənim problemimdir", – deyə Zelenski qeyd edib.
Prezident Fedorovun hansı vəzifəyə təyin olunacağını və ya yenidən müdafiə naziri postunda qalıb-qalmayacağını dəqiqləşdirməyib. Onun sözlərinə görə, bununla bağlı yekun qərar əlavə məsləhətləşmələrdən sonra veriləcək.
Zelenski bildirib ki, Müdafiə Nazirliyi ilə Baş Qərargah arasında mövcud problemlər təkcə Mixaylo Fedorov və Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski arasındakı şəxsi münasibətlərlə bağlı deyil.
Onun sözlərinə görə, tərəflər arasında səfərbərlik, cəbhədəki vəziyyət və digər strateji məsələlərlə bağlı müxtəlif səviyyələrdə ciddi fikir ayrılıqları mövcuddur.