Tərtərdə minik və yük avtomobilləri toqquşub- ÖLƏNLƏR VAR
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər rayonu, Təzəkənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Ajans.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobili ilə "MAN" markalı yük avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və hadisə nəticəsində "Mercedes" markalı avtomobildə 2 nəfərin meyiti sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Bərdə rayonu, Qaraqoyunlu kənd sakinləri - 1962-ci il təvəllüdlü Əhmədov Adil İbrahim oğlunun və 1973-cü il təvəllüdlü Əmirova Elza Novruz qızının meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.