Taylandın Phuket adasında yerləşən məşhur Kata çimərliyində paraşüt attraksionu zamanı faciə baş verib. 71 yaşlı Avstraliya vətəndaşı Rocer Con Hassi həyatını itirib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, turist sürətli qayığın arxasında paraşütlə havaya qalxdıqdan cəmi bir neçə saniyə sonra təxminən 30 metr hündürlükdən dənizə düşüb.
Zərərçəkən dərhal sahilə çıxarılıb və xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı çəkilən görüntülər turistin həyat yoldaşı tərəfindən lentə alınıb. Videoda kişinin havaya qalxdıqdan sonra qəfil təhlükəsizlik qoşqusundan ayrılaraq dənizə düşdüyü görünür.
İstintaq çərçivəsində hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallara görə, faciəyə təhlükəsizlik avadanlığının nasazlığı və ya ondan düzgün istifadə edilməməsi səbəb ola bilər.
Attraksionu təşkil edən şirkətin nümayəndələri turistin təhlükəsizlik qoşqusunu təsadüfən açdığını iddia edirlər. Bununla yanaşı, polis təhlükəsizlik qaydalarının pozulması ehtimalını da araşdırır.
Hadisədən sonra Tayland polisi paraşüt attraksionunun operatorunu və qayığın sahibini ölümə səbəb olan səhlənkarlıq ittihamı ilə məsuliyyətə cəlb edib. Həmçinin Phuketdə fəaliyyət göstərən oxşar attraksionlarda təhlükəsizlik yoxlamalarına başlanıldığı bildirilib.