Bu şəxslər sosial yardım ala bilməyəcək - RƏSMİ

Hökumət nəqliyyat vasitəsinin mövcudluğunun ünvanlı sosial yardımdan imtinaya səbəb sayılmaması ilə bağlı təklifə münasibət bildirib.
Ajans.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.2-ci bəndinə əsasən, ailənin orta aylıq gəliri sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda sosial yardımın təyin olunmasından imtina edilir.
"Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun 1.0.6-cı maddəsinə əsasən ÜDSY-nin mahiyyəti gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə dövlət dəstəyinin göstərilməsidir.
Buna görə də, həmin Qaydaların 3.7.2-ci bəndinin ləğv edilməsi ÜDSY-nin mahiyyəti ilə uyğunluq təşkil etmir.
Qaydaların 3.7.4-cü bəndinə əsasən ailənin mülkiyyətində və ya İstifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir.
Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrdir.
Bildirilib ki, gündəlik tələbatlarını ödəyə bilməyən ailənin istifadəsində nəqliyyat vasitəsinin olması həmin ailənin "gizli", bəyan edilməmiş gəlirlərinin olduğunu ifadə edir. Bununla yanaşı, beynəlxalq təcrübədə sosial yardımlar verilərkən aztəminatlılığı müəyyən edən müxtəlif filtrlərdən istifadə edilir ki, bunun da geniş istifadə ediləni ailənin nəqliyyat vasitəsinin olmasıdır./APA