Sülh sazişi nə zaman imzalanacaq?

“Sülh sazişinin yaxın perspektivdə imzalanacağı ehtimalı azdır. Bunun üçün əsas şərt olan və razılaşdırılmayan əsas məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır".
Bunu Ajans.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. O bildirib ki, Rəsmi Bakı gələcəkdə Azərbaycana qarşı işğalçılıq planlarının yenidən işə düşməməsi üçün bu şərti prinspipial məsələ hesab edir:
"Sülh sazişinin dayanıqlı olması üçün revanşizm niyyətləri qanuni olaraq aradan qaldırılmalıdır. Yəni Ermənistan konstitusiyaya dəyişiklik etməli, yaxud bunun konkret zamanını elan etməlidir. Bu baş verəcəyi halda, yəni Ermənistan konstitusiyada separatizm meyllərini aradan qaldırandan sonra sülh sazişinin reallığı ilə bağlı birmənalı fikir söyləmək mümkündür”.
Ekspert qeyd edib ki, hazırda Ermənistan bunun sülh danışıqlarına paralel olaraq sürətlə silahlanaraq, ordusunu hücum silahları ilə təchiz edərək hədəflərini bəlli edir:
“Əlbəttə, Ermənistanın gələcəkdə hansısa əlverişli geosiyasi zəminin yaranmasına ümid etməsi qeyri real yanaşmadır və bu cür siyasi xəttin yürüdülməsi Ermənistan dövlətçiliyinin mövcudluğu üçün riskdir. Ona görə də düşünürəm ki, real sülh şəraitindən danışmaq üçün Ermənistan hökuməti konstitusiya dəyişikliyi ilə bağlı tam aydın və konkret addım atmalıdır".
Xatırladaq ki, ötən gün Azərbaycan XİN Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Ermənistan XİN də Azərbaycanla sülh sazişinin mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib. Bundan əlavə, İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.