Mal ətinə eşşək və at əti qarışdırılaraq satılır- AİB SƏDRİ

Mal ətinə eşşək və at əti qarışdırılaraq satılır-
Cəmiyyət 28-02-2025 - 17:47

AQTA Yasamal rayonunda keçirilən monitorinq zamanı fiziki şəxslər Vüqar Bayramov və Elnur Əliyevə məxsus məntəqələrdə mal əti adı altında satılan məhsullarda camış və at DNT-lərinin aşkarlandığını bildirib. Faktla bağlı qanuni tədbirlər görülüb və məntəqələrin fəaliyyəti dayandırılıb.

Məsələni dəyərləndirən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Ajans.az"a bildirib ki, ölkədə heç bir ətin satışına qadağa qoyulmayıb:
‘’Yəni, it, at və eşşək əti də satıla bilər. Bu, anormal bir vəziyyətdir. Ənənəvi olmayan ətlərin satışına mütləq qadağa qoyulmalıdır. Bununla bağlı Nazirlər Kabineti və ya Qida Təhlükəsizliyi Agentliyi tərəfindən rəsmi sənəd hazırlanmalıdır. Sadəcə olaraq, istehlakçını aldatmamaq üçün satılan ətin üzərində hansı növ ət olduğu barədə dəqiq məlumat verilməlidir. Bu boşluqdan istifadə edən bəzi satıcılar istədikləri kimi hərəkət edirlər. Hətta, eşşək və at ətini mal ətinə qarışdıraraq satırlar. Hökumət biznes qurumları üçün qeyri-adi toxunulmazlıq şəraiti yaradıb və bu da sui-istifadə hallarına səbəb olur. 
Azad İstehlakçılar Birliyinin ofisində bir kitab saxlanılır. Həmin kitab 1963-cü ildə dərc olunub və orada göstərilir ki, SSRİ xalqları arasında yalnız Azərbaycanda eşşək əti yeyilməli hesab olunub və onun qiyməti müəyyən edilib. Sonradan məlum olub ki, həmin dövrdə bu məlumat ermənilər tərəfindən hazırlanıb. Bu məsələyə dair qanunda dəyişiklik edilməsi vacibdir. Əhali bu ətləri bir-birindən asanlıqla ayıra bilmir. Çünki at ətinin sümüksüz hissələri mal ətinə qarışdırıla bilər. Hökumət isə məsuliyyəti biznes qurumlarının vicdanına buraxıb. Halbuki istehlakçılar aldıqları məhsul haqqında dəqiq informasiya almaq hüququna malikdirlər. Satılan ət və ət məhsulları müvafiq sənədlərlə təmin olunmalıdır. Lakin Azərbaycanın əmtəə bazarında satılan malların 80 faizində heç bir sənəd yoxdur.
Vətəndaşlar bu kimi xoşagəlməz hallarla qarşılaşdıqda "1003 Çağrı Mərkəzi" ilə əlaqə saxlamalıdırlar.Qeyd edim ki, at və eşşək ətləri qırmızı rəngdə olur və qaynadıldıqda spesifik dad verir. Camış ətinin qabırğaları enlidir və rəngi nisbətən açıqdır. Əslində, camış əti mal və dana ətindən daha keyfiyyətlidir’’.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: