Bakıda bu şirkət işçiləri səbəbsiz yerə işsiz qoyur? - ŞİKAYƏT

Bakıda bu şirkət işçiləri səbəbsiz yerə işsiz qoyur? -
Hadisə 14-03-2025 - 17:11

Zirə qəsəbəsində yerləşən “Azrose MMC”yə məxsus istixanalarda çalışan fəhlələr səbəbsiz yerə işdən çıxarılırlar.

Bu barədə Ajans.az-a həmin istixanada çalışan qəsəbə sakini Nağıyeva Kəmalə Vaqif qızı şikayət ünvanlayıb. Onun sözlərinə görə ötən il dekabrın 2-də sözügedən istixanada fəhlə kimi işə başlayıb, bu il yanvarın 31-də onu səbəbsiz yerə işdən çıxarıblar:

“Briqadir Elnarə xanım mənə Aidə adlı xadimə vasitəsi ilə çatdırdı ki, Tural müəllim (rəhbər şəxs) işdən çıxarılmağımı istəyib. Heç bir səbəb göstərmədilər. Tural müəllimin yanına getmək istədim, yox idi. 2-3 dəfə getmişəm, qapıda mühafizəçi deyir ki, Elnarə xanım qoymur. O xanım burada çox özbaşına hərəkətlər edir. Müdirin dilindən danışaraq işçini incidir, çörəyindən edir”.

Şikayətçi bildirib ki, onlar qanunsuz şəkildə 10-12 saatlıq iş rejimində işlədiliblər və qarşılığında cəmi 15 AZN ödəniş alıblar. Vətəndaş bizimlə söhbətində həmçinin qeyd etdi ki, səhhətində problemlər var və maddi cəhətdən acınacaqlı vəziyyətdədir, kommunal ödənişlərini ödəyə bilmir.

Məsələ ilə bağlı “Azrose MMC” ilə əlaqə saxlamağa çalışsaq da, şirkətin saytında və sosial şəbəkə hesablarında yerləşdirilən əlaqə telefonlarına cavab verilmədi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: