Fransada təhlükə böyüyür: MEŞƏLƏR YANIR
Fransada anomal istilərin səbəb olduğu meşə yanğınları təxminən 35 000 hektar ərazini əhatə edib.
Ajans.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri mülki müdafiə xidmətinin məlumatlarına istinadən xəbər verib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanğın mövsümündə ölkədə 30 000 hektar ərazini əhatə edən 15 000 yanğın hadisəsi qeydə alınmışdı. Bu il isə artıq 11 000 yanğın hadisəsi baş verib.
Mülki müdafiə xidmətinin rəhbəri Jülyen Maryon bildirib ki, son üç həftə ərzində yanğınsöndürənlər bütün ölkə üzrə eyni vaxtda 250-300 yanğın ocağını söndürməyə çalışırlar. Hazırda Fransanın təxminən 50 departamentində yüksək meşə yanğını riski mövcuddur.
Xüsusilə ötən həftə Parisin cənub-şərqində yerləşən məşhur Fontenblo meşəsində yanğın baş verib. Yanğın lokallaşdırılsa da, 2 000 hektardan çox ərazini əhatə edən bu alovun tamamilə söndürülməsi həftələr çəkə bilər.