Türkiyədə bu toy hər kəsi təəccübləndirdi
Türkiyənin Şırnak vilayətinin Beytüşşebap rayonunun Mutluca kəndində keçirilən toy həm iştirakçıların sayı, həm də hədiyyələrin dəyəri ilə diqqət çəkib.
Ajans.az xəbər verir ki,Sipan Öter və Rojin Ercanın toyu iki gün, iki gecə davam edib. Minlərlə qonağın qatıldığı mərasimdə ənənəvi rəqslər ifa olunub, qonaqlar üçün 35 qoyun kəsilib.
Məlumata görə, toyda gəlinə 3 milyon türk lirəsi dəyərində qızıl, bəyə isə 3 milyon türk lirəsi nağd pul hədiyyə edilib. Beləliklə, cütlüyə təqdim olunan hədiyyələrin ümumi dəyəri 6 milyon türk lirəsinə çatıb.
Bəyin sağdışı Seyfullah Engin bildirib ki, toya Türkiyənin müxtəlif bölgələrindən və xarici ölkələrdən minlərlə qonaq qatılıb.
"Əsas olan pul deyil, birlik və həmrəylikdir. Mən sağdış kimi 250 min türk lirəsi hədiyyə etdim. Adət-ənənələrimiz çox gözəldir. Toyumuz da çox gözəl və problemsiz keçdi", – deyə o bildirib.
Gəlin Rojin Ercan isə hər şeyin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, toyda iştirak edən hər kəsə təşəkkür edib.
"Əsas olan qızıl deyil, xoşbəxtliyimizdir", – deyə gəlin bildirib.
Bəyin əmisi Servet Öter də qeyd edib ki, iki gün davam edən toy mərasiminə həm Türkiyədən, həm də xarici ölkələrdən minlərlə qonaq qatılıb.