Aİ və Ukrayna ilə mühüm saziş imzalandı
Avropa İttifaqı (Aİ) və Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalının genişləndirilməsi barədə razılığa gəlib.
Ajans.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.
Müqavilə Kiyevdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən elan edilib.
Bildirilib ki, təşəbbüs Aİ-nin sənaye imkanlarını Ukraynanın müharibə şəraitində qazandığı texnoloji təcrübə ilə birləşdirməyi hədəfləyir. Layihə çərçivəsində pilotsuz uçuş aparatlarının istehsalı artırılacaq və bu texnologiyalar həm Ukraynanın müdafiəsində, həm də Avropa ölkələrinin təhlükəsizlik imkanlarının gücləndirilməsində istifadə olunacaq.
Volodimir Zelenski bildirib ki, Ukrayna hazırda ildə təxminən 10 milyon dron istehsal edir və bu göstəricinin 20 milyona çatdırılması planlaşdırılır.
Ursula fon der Lyayen isə qeyd edib ki, Avropa güclü sənaye və istehsal potensialına malik olsa da, Ukraynanın döyüş şəraitində əldə etdiyi praktiki təcrübəyə sahib deyil.
Onun sözlərinə görə, tərəflərin məqsədi bu üstünlükləri birləşdirərək birgə istehsal modelini inkişaf etdirməkdir.
Məlumata görə, layihənin maliyyələşdirilməsi Ukraynaya ayrılmış 90 milyard avroluq kredit proqramı və SAFE müdafiə proqramı çərçivəsində ayrılan təxminən 10 milyard avro hesabına həyata keçiriləcək.
Razılaşmanın mühüm məqamlarından biri dronların yalnız Ukraynada deyil, Aİ ölkələrində də istehsal olunmasıdır. Bu, istehsal müəssisələrinin mümkün hücumlardan qorunmasına və məhsulların daha operativ şəkildə Ukraynaya və Aİ-nin şərq cinahında yerləşən üzv dövlətlərə çatdırılmasına imkan verəcək.
Bundan əlavə, Avropa Komissiyası gələcəkdə Ukrayna ilə əməkdaşlığın ballistik və raketdən müdafiə sistemlərinin birgə istehsalını da əhatə etməsini planlaşdırır. Bu istiqamətdə danışıqların növbəti mərhələdə aparılması nəzərdə tutulur.