Reklam resmi
Reklam resmi

ABŞ dövlət katibi qalmaqalın mərkəzində: Məxfi yazışmaları SİLİB

ABŞ dövlət katibi qalmaqalın mərkəzində: Məxfi yazışmaları SİLİB
Dünya

ABŞ dövlət katibi Marko Rubionun iş yazışmalarında mesajların avtomatik silinməsi funksiyasından istifadə etdiyi iddia olunub.

Ajans.az xəbər verir ki, bu barədə The Atlantic jurnalı məsələ ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, 2025-ci ilin martında ABŞ-ın Yəmənə endirdiyi zərbələrlə bağlı Signal tətbiqində aparılan yazışmaların sızmasından sonra məhkəmə Dövlət Departamentindən Rubionun telefonundakı mesajların saxlanıldığını və zərurət yarandıqda təqdim oluna biləcəyini sübut etməyi tələb edib.

Məlumata görə, Dövlət Departamenti əvvəlcə Rubionun bütün yazışmaları xüsusi proqram vasitəsilə arxivləşdirdiyini bildirsə də, daha sonra onun avtomatik silinmə funksiyasından istifadə etmədiyini bəyan edib.

Lakin The Atlantic iddia edir ki, təxminən iki ay sonra Rubio digər yüksəkvəzifəli rəsmilərlə inzibati məsələləri müzakirə etdiyi Signal çatında parametrləri dəyişərək mesajların müəyyən müddətdən sonra avtomatik silinməsini aktivləşdirib.

Nəşr qeyd edir ki, ABŞ Xarici İşlər Xidmətinin daxili qaydalarına əsasən, rəsmi yazışmaların avtomatik silinməsinə imkan verən funksiyalar deaktiv edilməlidir. Bu tələbin məqsədi dövlət sənədlərinin bütövlüyünü, əlçatanlığını və təhlükəsizliyini qorumaqdır.

Qeyd edək ki, The Atlantic daha əvvəl də Marko RubioABŞ-nin müdafiə naziri Pit Heqsetin Prezident Donald Trampın bu təcrübəyə son qoymaq çağırışına baxmayaraq, Signal vasitəsilə iş məsələlərini müzakirə etməyə davam etdiklərini yazmışdı.

Xatırladaq ki, 24 mart 2025-ci ildə The Atlantic jurnalının baş redaktoru Ceffri Qoldberq təsadüfən ABŞ rəsmilərinin Yəməndəki hərbi əməliyyatları müzakirə etdiyi Signal çatına əlavə edildiyini açıqlamışdı. Daha sonra o, yazışmaların bir hissəsinin görüntülərini yayımlamışdı. ABŞ rəsmiləri söhbətin mövcudluğunu təsdiqləsələr də, məxfi məlumat paylaşmadıqlarını bildirmişdilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Marko Rubio ABŞ

Digər Xəbərlər