Fransada Paris yaxınlığındakı Fontenblo meşəsində qəsdən yanğın törətməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb.
Ajans.az xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.
Məlumata görə, 1979-cu il təvəllüdlü Fransa vətəndaşı iyulun 14-ü axşam saatlarında Fontenblo kommunası yaxınlığındakı qapalı dayanacaqda polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtomobilə baxış zamanı bükülmüş kağız parçaları və alışqan aşkar edilib. Şübhəli "qəsdən yanğın törətməyə cəhd" ittihamı ilə həbs olunub.
Bundan əvvəl BFMTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən bildirmişdi ki, Fontenblo meşəsində baş verən yanğınla bağlı saxlanılan iki nəfər hadisəni törətdiklərini etiraf ediblər. Onlardan biri könüllü yanğınsöndürən olub və ifadəsində quru budaqları benzin və alışqanla yandırdığını bildirib. Digər şübhəli isə söndürülməmiş siqareti otluq əraziyə atdığını və bunun yanğına səbəb olduğunu iddia edib.
Xatırladaq ki, Parisdən təxminən 70 kilometr cənubda yerləşən Fontenblo meşəsində böyük yanğın iyulun 12-də başlayıb. Alov bir neçə gün ərzində 2 000 hektardan çox ərazini əhatə edib ki, bu da meşənin ümumi sahəsinin təxminən 10 faizini təşkil edir.
Hazırda yanğın lokallaşdırılıb, yanğınsöndürənlər isə ərazidə baş verən lokal alovlanmaların qarşısını almaq üçün işlərini davam etdirirlər.