Bu ölkədə 1000-ə yaxın insan təhlükəli parazitə YOLUXUB
ABŞ-nin Miçiqan ştatında bağırsaq paraziti Siklosporanın törətdiyi indiyədək ən böyük yoluxma dalğası qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə Medical Xpress nəşri məlumat verib.
Parazitin səbəb olduğu siklosporiaz xəstəliyinə indiyədək 992 nəfər yoluxub. Xəstəlik uzunmüddətli və kəskin sulu ishala səbəb ola bilər.
Ştat hakimiyyətinin bildirdiyinə görə, təxminən 40 nəfər xəstəxanaya yerləşdirilib. Ölüm faktı qeydə alınmayıb, infeksiyanın mənbəyi isə hələ müəyyən edilməyib.
Bənzər yoluxma halları ilə bağlı araşdırmalar ABŞ-ın daha 28 ştatında aparılır. Miçiqanla həmsərhəd Ohayo ştatında da yoluxmalar artır. Belə ki, təkcə Lukas dairəsində 300-dən çox, ştatın şimal-qərb hissəsində isə 500-dən çox yoluxma halı qeydə alınıb.
Miçiqan hakimiyyəti ilk dəfə iyunun sonlarında, yoluxanların sayının 170-dən bir qədər çox olduğu vaxt epidemiya barədə məlumat vermişdi. Müqayisə üçün qeyd olunur ki, ştatda adətən il ərzində təxminən 50 siklosporiaz hadisəsi qeydə alınır. Bu baxımdan, hazırkı epidemiya görünməmiş hesab edilir.
Siklospora insan bağırsağını zədələyən mikroskopik parazitdir. Onun törətdiyi siklosporiaz xəstəliyinin əsas əlaməti uzunmüddətli sulu ishaldır. Xəstələrdə eyni zamanda qarın ağrısı, ürəkbulanma, iştahsızlıq, halsızlıq və çəki itkisi də müşahidə oluna bilər.