İsrail işğal etdiyi bəzi Livan ərazilərini geri qaytaracaq
İsrail hakimiyyəti yaxın günlərdə ordusunun nəzarətində olan bəzi Livan ərazilərini Beyrutun idarəçiliyinə qaytarmağa hazırlaşır.
Ajans.az xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, ilk "pilot zona"nın bir neçə gün ərzində Livanın nəzarətinə verilməsi planlaşdırılır. Bildirilir ki, əlavə "pilot zonalar" da müəyyən edilib və onların mərhələli şəkildə təhvil verilməsi nəzərdən keçirilir.
ABŞ rəsmisinin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) prosesin irəliləməsi üçün həm İsrail, həm də Livan tərəfi ilə əməkdaşlıq edir.
O, həmçinin qeyd edib ki, Vaşinqton yaxın vaxtlarda beynəlxalq tərəfdaşlarla birgə Livan hökumətinə həmin ərazilərdə və ölkə daxilində dövlət suverenliyinin bərpasına dəstək göstərmək üçün fəaliyyətə başlayacaq.
Məlumata əsasən, bu məsələ ilə bağlı gələn həftə İtaliyanın paytaxtı Romada İsrail və Livan nümayəndələri arasında qapalı danışıqların keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, iyunun 26-da Livan və İsrail ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən beş raund danışıqlardan sonra çərçivə sazişi imzalayıblar. Sazişə əsasən, Livan Silahlı Qüvvələri mərhələli şəkildə ölkənin bütün ərazisi üzərində effektiv suveren nəzarəti bərpa etməli, qeyri-dövlət silahlı qrupları tərksilah edilməli və onların hərbi infrastrukturu ləğv olunmalıdır. Bu addımların İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasına zəmin yaradacağı bildirilir.