Telekanalın təcili yardım xidmətlərinə istinadən yaydığı məlumata əsasən, partlayış Kyuşu adasında baş verən silsilə güclü zəlzələlər fonunda qeydə alınıb.
Kamimaşiki Yanğından Mühafizə və Xilasetmə İdarəsinin məlumatına görə, partlayış yerli vaxtla saat 17:50 radələrində ticarət mərkəzinin mərkəzi hissəsində baş verib. Nəticədə binanın ikinci mərtəbəsi qismən uçub.
Hadisə zamanı ticarət mərkəzində çoxlu sayda insan olub. Təxminən 200 nəfər təcili şəkildə binadan təxliyə edilərək dayanacağa çıxarılıb. Hazırda xilasedicilər dağıntılar altında qalanların axtarışı və xilas edilməsi istiqamətində əməliyyatı davam etdirirlər.
Hadisə nəqliyyatın fəaliyyətinə də təsir göstərib. Kyuşu adasında Şinkansen sürət qatarlarının hərəkəti müvəqqəti dayandırılıb, Kumamoto hava limanı isə fəaliyyətini dayandırıb.
Yaponiyanın Nüvə Tənzimləmə Agentliyi isə yaxınlıqdakı üç atom elektrik stansiyasında hər hansı anomaliya qeydə alınmadığını açıqlayıb.
Qeyd edək ki, Kumamoto prefekturası 2016-cı ildə də dağıdıcı zəlzələyə məruz qalmışdı. Həmin təbii fəlakət nəticəsində 50-dən çox insan həlak olmuş, təxminən 1 800 nəfər yaralanmış, on minlərlə evə ziyan dəymişdi.