Taksi sürücülərinin sifarişləri LƏĞV ETMƏ İSTƏYİ -TƏHLÜKƏLİ QAZANC
Son dövrlər taksi sürücülərinin sifarişləri ləğv etmə təklifi geniş vüsət alıb.
Ajans.az xəbər verir ki, taksi sürücüləri sifarişləri ləğv etmək istəyi şirkətin onlara normal qazanc verməməsi ilə bağlıdır. Sərnişin sifarişi ləğv etdiyi təqdirdə vəsait tam olaraq sürücünün cibinə gedir.
Bu hal isə sərnişinlər üçün də risk yaradır. Sifariş ləğv edildiyi təqdirdə baş verən hər hansı hadisədə şirkət məsuliyyət daşımaya bilər
Sürücülər bunu əsasən platformanın yüksək komissiya tutması, qazancın azalması və sifarişdən əldə etdikləri gəlirin onları qane etməməsi ilə əsaslandırırlar. Onların sözlərinə görə, sifariş tətbiq üzərindən tamamlandıqda qazancın bir hissəsi platformaya ödənilir və nəticədə gəlirləri azalır.
Lakin bu addım təkcə sürücünün daha çox qazanmaq istəyi ilə yekunlaşmır. Sifariş tətbiq üzərindən ləğv edildiyi andan etibarən səfər artıq platformanın nəzarətindən çıxır. Bu isə mümkün qəza, mübahisə və ya digər xoşagəlməz hallarda sərnişinin platforma üzərindən təqdim olunan dəstək və təminatlardan yararlanmasını çətinləşdirə bilər.
Məsələ ilə bağlı Ajans.az-ın sorğusunu cavablandıran Bolt bildirib ki, qəbul edilmiş sifarişlərin məsafəsindən və ya ödəniş üsulundan asılı olmayaraq yerinə yetirilməsi gözlənilir.
Şirkətin sözlərinə görə, sürücünün sərnişindən sifarişi ləğv etməsini istəməsi platforma qaydalarına ziddir və belə hallarla bağlı daxil olan şikayətlər araşdırılır. Qaydaların pozulduğu təsdiqlənərsə, bu, sürücünün reytinqinə təsir göstərə, hətta hesabının deaktiv edilməsinə səbəb ola bilər.
Qeyd edilib ki, bu kimi hallarla qarşılaşan sərnişinlər tətbiq vasitəsilə şikayət etməlidirlər.