Bu ölkədə qadınlar üçün mühüm qərar: Ayda iki günlük ödənişli məzuniyyət
Monteneqro Parlamenti qadınlara menstruasiya dövründə ayda iki gün ödənişli məzuniyyət hüququ verən İcbari Tibbi Sığorta Qanununa dəyişiklikləri qəbul edib.
Ajans.az xəbər verir ki, bu barədə yerli Vijesti portalı məlumat yayıb.
Qanuna əsasən, bu hüquq ikincili dismenoreyadan əziyyət çəkən qadınlara şamil olunacaq. Söhbət endometrioz, mioma, endometrial poliplər, polikistik yumurtalıq sindromu, sonsuzluq və digər xəstəliklərlə əlaqədar yaranan ağrılı menstruasiya hallarından gedir.
Məzuniyyətdən istifadə etmək üçün qadınlar ildə bir dəfə ginekoloq tərəfindən verilən tibbi arayış təqdim etməlidirlər.
Qanun layihəsi Beynəlxalq Qadınlar Günü (8 Mart) ərəfəsində müstəqil deputat Yevrosima Peyoviç tərəfindən parlamentə təqdim olunmuşdu. Sənədin izahat hissəsində qeyd olunur ki, yeni qaydalar iş yerlərində qadınlara qarşı qərəzin azaldılmasına, onların sağlamlığı ilə peşə öhdəlikləri arasında balansın qorunmasına xidmət edir.
Bununla Monteneqro Avropada menstruasiya dövründə ödənişli məzuniyyəti qanunvericiliklə təsbit edən ikinci ölkə olub. Avropa İttifaqında bu hüquq ilk dəfə 2023-cü ildə İspaniyada qüvvəyə minib.
Hazırda dünyada 12-dən az ölkədə menstruasiya məzuniyyəti qanunvericiliklə tənzimlənir. Bu hüquq Yaponiya, İndoneziya, Cənubi Koreya, Vyetnam və Tayvanda müxtəlif formalarda tətbiq edilir. Afrikada isə Zambiya qadınlara hər ay bir əlavə istirahət günü verir və bunun üçün həkim arayışı tələb olunmur.