Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində meşə yanğınlarının sahəsi son 24 saat ərzində 8 451 hektara çatıb.
Ajans.az xəbər verir ki, bu barədə regional Mülki Müdafiə Departamenti məlumat yayıb.
Məlumata görə, hazırda bölgədə ümumilikdə 35 aktiv meşə yanğını qeydə alınıb. Alovun söndürülməsinə 587 nəfər və suboşaltma qurğuları ilə təchiz edilmiş üç Mi-8 helikopteri cəlb olunub.
Qeyd edilir ki, iyulun 27-si səhər saatlarına olan məlumata əsasən, bölgədə ümumi sahəsi təxminən 8 min hektar olan 30 meşə yanğını mövcud idi.
Regional hakimiyyətin məlumatına görə, cari yanğın mövsümündə Yamalo-Nenets Muxtar Dairəsində ümumilikdə 456 meşə yanğını baş verib. Alovun əhatə etdiyi ümumi ərazi isə 66 200 hektara çatıb.
Bildirilib ki, meşə yanğınlarının yenidən genişlənməsi bölgədə davam edən isti hava şəraiti ilə əlaqədardır. İyulun 20-də Krasnoselkupski rayonunun bələdiyyə meşələrində fövqəladə vəziyyət elan olunub.
Xatırladaq ki, iyunun sonunda təxminən 3 min hektar ərazini əhatə edən meşə yanğınları səbəbindən Yamalo-Nenets Muxtar Dairəsində fövqəladə vəziyyət tətbiq edilmişdi. İyulun əvvəlinə qədər yanğınların sahəsi 18 min hektara çatmış, 80 yanğın ocağı qeydə alınmışdı. Ayın ikinci ongünlüyündən etibarən vəziyyət nisbətən sabitləşdiyinə görə fövqəladə vəziyyət rejimi ləğv edilmişdi.