Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdırıb
Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən İrlandiyanın Xarici İşlər Nazirliyi ittifaqın Rusiya Federasiyasına qarşı sayca 21-ci sanksiya paketinin razılaşdırıldığını bəyan edib.
Ajans.az- ın məlumatına görə, nazirliyin rəhbəri Helen Makenti "X" sosial şəbəkəsində qeyd edib:
"Bu tədbirlər paketi Rusiyanın gəlir mənbələrinə zərbə vurmağa, "kölgə donanması"nın işini əngəlləməyə və tədarük zəncirlərini qırmağa yönəlib".
Bunun ardınca Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qəbul edilmiş sənədin detallarına aydınlıq gətirib:
"Biz əlavə olaraq 32 Rusiya bankını qadağan edilmiş əməliyyatlar siyahısına daxil edirik. Eyni zamanda, kriptovalyuta şirkətlərinə, neft ticarəti platformalarına məhdudiyyətlər tətbiq olunur və neftin qiymət tavanına ediləcək düzəlişlər bir il müddətinə dondurulur".
Fon der Lyayen əlavə edib ki, yeni sanksiyalar həm də Rusiyanın "kölgə donanması"nı hədəf alır.
Aİ Şurasının sədri Antoniu Koştanın qiymətləndirməsinə görə, yeni sanksiyalar layihəsi Avropanın Ukrayna ilə çiyin-çiyinə dayandığının daha bir sübutudur.
"Reuters" agentliyinin məlumatına əsasən, Aİ ölkələri Yunanıstana dəstək nümayiş etdiriblər. Məhz bu səbəbdən yeni qərara Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə ixracına icazə verən, avtomatik uzadılma imkanına malik birillik istisna halı da əlavə olunub.