Reklam resmi
Reklam resmi

ABŞ-də polisin öldürdüyü şəxsdən sonra etirazlar

ABŞ-də polisin öldürdüyü şəxsdən sonra etirazlar
Dünya

ABŞ-nin Viskonsin ştatının Medison şəhərində polis əməkdaşlarının bir kişini güllələyərək öldürməsindən sonra küçə etirazları başlayıb.

Ajans.az CNN-ə istinadən xəbər verir ki, hadisə iyulun 22-də şəhər küçələrinin birində baş verib. Dörd polis əməkdaşı velosiped sürən kişini saxlamağa cəhd edib. Rəsmi məlumata əsasən, o, polisə müqavimət göstərib və insident zamanı əməkdaşlardan biri tərəfindən güllələnib.

Medison Polis İdarəsinin rəisi Con Patterson bildirib ki, saxlanılan şəxs həbs zamanı bıçaq çıxararaq polis əməkdaşlarından birini yaralayıb. Bundan sonra polis odlu silahdan istifadə edib.

Hadisə şahidlər tərəfindən mobil telefonla lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Videoların yayılmasından sonra şəhər sakinləri polisin hərəkətlərinə etiraz etmək üçün küçələrə çıxıblar.

Öldürülən şəxsin kimliyi və irqi hələlik açıqlanmayıb. Bununla belə, Medisonun qaradərili icmasının nümayəndələri etiraz aksiyalarında fəal iştirak ediblər. Etirazçılar həmçinin hadisə zamanı polis əməkdaşlarının üzərində bədən kameralarının olmamasına etiraz ediblər.

Medison meri Satya Rods-Konvey və Viskonsin ştatının qubernatoru Toni Evers həlak olan şəxsin ailəsinə başsağlığı verərək hadisənin hərtərəfli araşdırılacağını bildiriblər.

Atəş açan dörd polis əməkdaşı istintaq başa çatanadək inzibati məzuniyyətə göndərilib. Şəhər rəhbərliyi hazırda dinc şəkildə davam edən etirazların iğtişaşlara çevrilməməsi üçün əlavə təhlükəsizlik tədbirləri görür.

Qeyd edək ki, 2020-ci ildə Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da irqi bərabərsizliyə və polis zorakılığına qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilmiş, onlarla şəhərdə komendant saatı tətbiq edilmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ etirazlar

Digər Xəbərlər