Barselona metrosunda FACİƏ
İspaniyanın Barselona şəhərində yerləşən "Plasa-de-Sans" metro stansiyasında qaz partlayışı və ardınca baş verən yanğın nəticəsində səkkiz nəfər xəsarət alıb.
Ajans.az xəbər verir ki, bu barədə "El País" nəşri məlumat yayıb. Hadisə L5 xəttindəki stansiyanın modernləşdirilməsi məqsədilə aparılan təmir işləri zamanı qeydə alınıb. İlkin məlumatlara görə, saat 14:40 (Bakı vaxtı ilə 16:40) radələrində işçilər ehtiyatsızlıqdan qaz borusunu zədələyiblər və bu, qaz sızmasına səbəb olub. Daha sonra, saat 22:50-də (Bakı vaxtı ilə 23 iyul 00:50) problemi aradan qaldırmağa çalışarkən partlayış baş verib.
Zərərçəkənlərin hamısı işçilərdir. Onlardan ikisinin vəziyyəti ağır, digər ikisinin isə orta ağırdır və onlar "Val-d'Ebron" xəstəxanasına yerləşdiriliblər. Yüngül və orta ağır dərəcəli bədən xəsarətləri alan digər dörd nəfər isə "Klinik" tibb mərkəzinə aparılıblar.
Partlayışın ardınca güclü yanğın başlayıb. Yanğınsöndürənlər alovu lokallaşdırmağa nail olsalar da, qəza sahəsində qazın verilişi tam dayandırılana qədər davam edən sızma xilasetmə işlərini çətinləşdirib.