Reklam resmi
Reklam resmi

Yarımçıq qalan binaların taleyi NECƏ OLACAQ?

Yarımçıq qalan binaların taleyi NECƏ OLACAQ?
Cəmiyyət

Bir vaxtlar yarımçıq qalan tikintilər yüzlərlə ailəni həm evsiz, həm də maddi zərərlə üz-üzə qoyub. Bir vaxtlar yarımçıq qalan tikintilər yüzlərlə ailəni həm evsiz, həm də maddi zərərlə üz-üzə qoyub.

Mövzu ilə bağlı Ajans.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, son illərdə tikinti sahəsində qanunvericiliyin sərtləşdirilməsi belə halların qarşısının alınmasına yönəlib. 

Onun sözlərinə görə, hazırda hər hansı tikinti şirkətinin yeni çoxmənzilli yaşayış binasının inşasına başlaması üçün əvvəlcə bütün zəruri sənədlər aidiyyəti qurumlara təqdim olunur və layihənin ümumi tikinti dəyəri hesablanır. 

Ekspert qeyd edib ki, tikintiyə icazə verilməsi üçün əsas tələblərdən biri də bank zəmanətidir: 

“Tikinti şirkəti bank hesabında layihəni tam başa çatdırmağa imkan verəcək həcmdə maliyyə vəsaitinə malik olmalı və bununla bağlı müvafiq qurumlara bank zəmanəti təqdim etməlidir. Əgər tikinti hər hansı mərhələdə yarımçıq qalarsa, şirkət iflasa uğrayarsa və ya digər gözlənilməz hallar baş verərsə, bank zəmanəti hesabına tikinti işlərinin tamamlanması təmin olunur. Əvvəlki illərdə yüzlərlə vətəndaş yarımçıq tikinti layihələri səbəbindən həm ödədikləri vəsaiti uzun müddət geri ala bilməyib, həm də illərlə kirayə mənzillərdə yaşamaq məcburiyyətində qalıb. Sonradan bəzi layihələr başqa şirkətlər tərəfindən tamamlansa da, mənzillərin sahiblərinə təhvil verilməsi uzun illər çəkib.” 

 E.Fərzəliyevin sözlərinə görə, xüsusilə Bakının mərkəzi ərazilərində fəaliyyət göstərən iri tikinti şirkətlərinin əksəriyyəti uzun illər bazarda fəaliyyət göstərən, maliyyə imkanları formalaşmış şirkətlərdir: 

“Bu şirkətlər binaları əsasən vətəndaşlardan əvvəlcədən topladıqları vəsait hesabına deyil, öz maliyyə resursları ilə inşa edir, daha sonra satışa çıxarırlar. Qanunvericiliyin davamlı şəkildə təkmilləşdirilməsi və bazarda maliyyə baxımından daha dayanıqlı şirkətlərin fəaliyyət göstərməsi gələcəkdə yarımçıq tikinti hallarının sayını daha da azaldacaq.” 

Onun sözlərinə görə, MTK-dan mənzil alan şəxs həmin layihənin payçısı hesab olunur və tikinti şirkəti layihəyə dair bütün hüquqi sənədlərlə bağlı alıcının suallarını cavablandırmağa borcludur: 

“Mənzil almaq istəyən hər bir şəxs seçdiyi bina və tikinti şirkəti barədə əvvəlcədən araşdırma aparmalıdır. Rəsmi sorğular göndərmək hər zaman mümkün olmasa da, internet resursları vasitəsilə şirkətin fəaliyyəti, əvvəlki layihələri və onun haqqında formalaşmış müsbət və ya mənfi rəylərlə tanış olmaq mümkündür. Belə araşdırma vətəndaşlara tikinti şirkətinin etibarlılığını qiymətləndirməyə və daha düzgün qərar verməyə kömək edə bilər.”

Mələksəda Ziyad

Mövzular:
yarımçıq qalan tikinti MTK

Digər Xəbərlər