Türkiyə S-400-ləri satır? Ərdoğandan mühüm AÇIQLAMA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Rusiyadan alınmış S-400 zenit-raket sistemlərinin üçüncü ölkəyə yenidən satılması ilə bağlı açıqlama verəcəyi gözlənilir.
Ajans.az xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.
Hökumətyönlü "Hürriyet" qəzetinin mənbələrinə istinadən verilən xəbərə görə, S-400 sistemlərinin Fars körfəzi ölkələrindən birinə, ehtimal ki, Birləşmiş Ərəb Əmirlikləri və ya Qətərə satılması nəzərdən keçirilir.
Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd divizion S-400 hava hücumundan müdafiə sistemi alıb. 2019-cu ilin oktyabrında Rusiyanın "Rosoboronexport" şirkəti müqavilənin tam icra olunduğunu açıqlamışdı.
S-400 sistemlərinin alınması səbəbindən Ankara ABŞ-ın F-35 qırıcılarının istehsalı və tədarükü proqramından çıxarılmışdı.
Hələlik Türkiyə rəsmiləri S-400 sistemlərinin mümkün satışı ilə bağlı rəsmi açıqlama verməyiblər.