Reklam resmi
Reklam resmi

Aİ Rusiyalı hərbçilərə tam viza qadağasından imtina etdi

Aİ Rusiyalı hərbçilərə tam viza qadağasından imtina etdi
Dünya

Avropa İttifaqı Rusiyaya qarşı hazırlanmaqda olan 21-ci sanksiyalar paketi çərçivəsində bütün keçmiş Rusiya hərbçilərinə viza qadağası tətbiq etmək planından imtina edib.

Ajans.az xəbər verir ki, bu barədə Euractiv diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası əvvəlcə Rusiya Silahlı Qüvvələrində xidmət etmiş və ya Ukraynadakı müharibədə iştirak etmiş bütün Rusiya vətəndaşlarının Aİ-yə girişinin qadağan edilməsini təklif edib. Təklif inzibati və logistika sahələrində xidmət etmiş şəxsləri də əhatə edirdi. Yeganə istisna ordudan fərarilik edənlər üçün nəzərdə tutulmuşdu.

Lakin Fransa, İtaliya və Yunanıstanın etirazlarından sonra təklifə dəyişiklik edilib. Yeni variantda qadağa yalnız 2022-ci ilin fevralından etibarən Ukraynadakı döyüş əməliyyatlarında birbaşa iştirak etmiş şəxslərə verilən qısamüddətli vizalara şamil olunacaq.

Bundan əlavə, Rusiyanın nəzarətində fəaliyyət göstərən qeyri-müntəzəm silahlı birləşmələrdə xidmət etmiş və ya Rusiyanın maraqları naminə hərəkət etmiş şəxslərin də sanksiya siyahısına salınması təklif olunur.

Qeyd edilir ki, hərbi xidmət keçmişi olan şəxslər avtomatik olaraq döyüş iştirakçısı hesab edilməyəcək. Hər bir viza müraciəti ayrıca qiymətləndiriləcək.

Fransa və İtaliya Rusiyada məcburi hərbi xidmətin mövcudluğunu əsas gətirərək ilkin təşəbbüsə qarşı çıxıblar. Onların mövqeyinə görə, belə geniş qadağa döyüşlərdə iştirak etməmiş minlərlə şəxsi də əhatə edə bilərdi. Həmin ölkələr hesab edirlər ki, bu cür məsələlər sanksiyalar vasitəsilə deyil, viza siyasəti çərçivəsində tənzimlənməlidir.

Yeni təklif humanitar səbəblər, dövlət maraqları və beynəlxalq öhdəliklər əsasında istisnalara da imkan verir. Lakin belə vizalar yalnız onları verən Aİ ölkəsinin ərazisində etibarlı olacaq.

Məlumata görə, 21-ci sanksiyalar paketinin digər müddəaları üzrə də üzv dövlətlər arasında fikir ayrılıqları qalmaqdadır. Buna görə də yeni məhdudiyyətlər paketinin yaxın vaxtlarda təsdiqlənməyəcəyi istisna edilmir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Avropa İttifaqı viza

Digər Xəbərlər