Moskvada AĞIR QƏZA: Xəsarət alanlar var
Rusiyanın paytaxtı Moskvada sərnişin avtobusu ilə "Qazel" markalı yük avtomobilinin toqquşması nəticəsində 25 nəfər xəsarət alıb.
Ajans.az Moskva Dövlət Yol Müfəttişliyinə istinadən xəbər verir ki, qəza şəhərin Nijeqorodskaya küçəsində, 14 saylı binanın yaxınlığında baş verib.
İlkin məlumata əsasən, "Qazel" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəfil zolaq dəyişib və avtobusun hərəkətinə mane olub. Nəticədə avtobus idarəetməni itirərək reklam lövhəsinə çırpılıb.
Qəza zamanı avtobusun sürücüsü deformasiyaya uğramış kabinədə sıxılmış vəziyyətdə qalıb. Onun xilas edilməsi üçün xilasedicilər xüsusi avadanlıqdan istifadə ediblər.
Xəsarət alanlara hadisə yerində ilkin tibbi yardım göstərilib. Onlardan bəziləri əlavə müayinə və müalicə üçün xəstəxanaya çatdırılıb.
Məlumata görə, qəzaya səbəb olduğu bildirilən "Qazel" markalı avtomobil əvvəllər də bir neçə yol-nəqliyyat hadisəsində iştirak edib, sürücüsü isə dəfələrlə sürət həddini aşdığına görə məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. Hadisə yerində yol polisi və digər operativ xidmətlərin əməkdaşları işləyir.