Bu millinin baş məşqçisi İSTEFA VERDİ
Xorvatiya Futbol Assosiasiyası (HNS) milli komandanın baş məşqçisi Zlatko Daliçin vəzifəsindən istefa verdiyini rəsmən açıqlayıb.
Ajans.az xəbər verir ki, 59 yaşlı mütəxəssis bununla da təxminən doqquz il davam edən baş məşqçilik fəaliyyətini başa vurub.
HNS rəsmi sosial media hesablarında Daliçə həsr olunmuş vida paylaşımı da yayımlayıb.
"Təvazökar bir gəliş. Unudulmaz bir səyahət. Qürurlu bir vida. Qələbələrə, uğurlara, dünya çempionatlarına və medallara, həmçinin meydanda və meydandan kənarda Xorvatiya uğrunda göstərdiyiniz fədakarlığa görə təşəkkür edirik. Nəticələriniz məşqçilik bacarığınızı, qazandığınız hörmət isə necə insan olduğunuzu göstərir", – deyə assosiasiyanın paylaşımında bildirilib.
Zlatko Daliç 2017-ci ilin oktyabrında Xorvatiya millisinin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 2018-ci il dünya çempionatında gümüş, 2022-ci il dünya çempionatında bürünc, 2023-cü il UEFA Millətlər Liqasında isə gümüş medal qazanıb.
2026-cı il dünya çempionatında Xorvatiya 1/16 final mərhələsinə yüksəlsə də, Portuqaliya millisinə məğlub olaraq turnirlə vidalaşıb.