Bu ölkə bloqerlər üçün qaydaları sərtləşdirdi
İndoneziya hakimiyyəti turist vizası ilə Balidə kommersiya fəaliyyəti göstərən xarici bloqerlər, kontent yaradıcıları və influenserlər üçün nəzarəti gücləndirib.
Ajans.az xəbər verir ki, Avstraliya hökumətinin SmartTraveller portalı İndoneziyaya səfər etməyi planlaşdıran bloqerlərə viza növünü diqqətlə yoxlamaq barədə xəbərdarlıq edib.
Bildirilir ki, turist vizası ilə ölkədə olarkən gəlir əldə etmək, sponsorlu və ya reklam xarakterli kontent hazırlamaq və ya kommersiya məqsədli paylaşım etmək qanun pozuntusu hesab olunur. Bu qayda, kontentin İndoneziyanı tərk etdikdən sonra dərc edildiyi hallara da şamil edilir.
"Turist vizası ilə işləmək, tədqiqat aparmaq və ya könüllü fəaliyyət göstərmək qanunsuzdur. Viza növünün səfərin məqsədinə uyğun olduğundan əmin olun", – deyə SmartTraveller-in xəbərdarlığında qeyd olunub.
Bali İmmiqrasiya Xidməti artıq Canggu və Ubud kimi əcnəbilərin sıx olduğu bölgələrdə reydlərə başlayıb. Məlumata görə, sosial şəbəkələr də fəal şəkildə izlənilir və indiyədək onlarla xarici vətəndaş saxlanılıb.
Bali Regional İmmiqrasiya İdarəsinin rəhbəri Felusiya Senqki Ratna bildirib ki, sərtləşdirilən nəzarət tədbirləri adanın turizm sektorunu qorumaq, həmçinin təhlükəsizlik və sabitliyi təmin etmək məqsədi daşıyır.
İmmiqrasiya Xidməti vurğulayıb ki, turist vizası ilə qanunsuz işləmək əcnəbilərin deportasiya edilməsinin əsas səbəblərindən biridir. Qaydaları pozan şəxsləri iri məbləğdə cərimə, deportasiya və hətta İndoneziyaya ömürlük giriş qadağası gözləyə bilər.
Qeyd olunub ki, kommersiya fəaliyyəti yalnız pul müqabilində görülən işlə məhdudlaşmır. Oteldə pulsuz yerləşmə, ödənişsiz yemək, məhsul və ya xidmət müqabilində reklam paylaşımı (barter əməkdaşlığı) da qanunsuz əmək fəaliyyəti kimi qiymətləndirilir.
Bundan əlavə, turist vizası ilə peşəkar fotoqraf, vizajist kimi xidmət göstərmək, brend fotosessiyalarında iştirak etmək, məhsul tanıtımı aparmaq və ya şirkət səfiri kimi fəaliyyət göstərmək də qadağandır.