Bakı metrosunun iş rejimi dəyişəcək- Bu səbəbdən
UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – "Vestri" oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
Ajans.az xəbər verir ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma ərəfəsində stadiona yaxın yerləşən "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə stansiyada əlavə nəzarət mexanizmləri tətbiq olunacaq, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi cəlb ediləcək. Xüsusilə matç başa çatdıqdan sonra sərnişin axınının tənzimlənməsinə xüsusi diqqət yetiriləcək.
Bundan əlavə, "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək.
Bildirilib ki, qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.
Qarşılaşma başa çatdıqdan sonra isə qatarların hərəkəti "Gənclik" stansiyasındakı vəziyyət nəzərə alınmaqla xüsusi rejimdə tənzimlənəcək.