Reklam resmi
Reklam resmi

Dünyanın ən bahalı şəhəri AÇIQLANIB

Dünyanın ən bahalı şəhəri AÇIQLANIB
Dünya

Sinqapur ardıcıl dördüncü ildir ki, milyonçular üçün dünyanın ən bahalı şəhəri olub.

Ajans.az xəbər verir ki bu nəticə İsveçrənin sərvət idarəetmə şirkəti Julius Baer Group Ltd. tərəfindən hazırlanan illik Julius Baer Lifestyle Index 2026 hesabatında yer alıb.

Hesabata əsasən, Sinqapur yaşayış daşınmaz əmlakı və lüks avtomobillərin yüksək qiymətləri, eləcə də güclü Sinqapur dolları sayəsində reytinqdə liderliyini qoruyub saxlayıb. Reytinq ABŞ dolları ilə hesablanan qiymət müqayisələri əsasında tərtib olunub.

Siyahıda ikinci yeri İsveçrənin Sürix şəhəri tutub. O, bu il Londonu geridə qoyaraq üç pillə irəliləyib. Monako isə araşdırmanın aparılmağa başladığı 2020-ci ildən bəri ilk dəfə ilk üçlüyə daxil olub. İlk beşliyi Honkonq və London tamamlayıb.

Analitiklərin fikrincə, Sürixin yüksəlişi əsasən İsveçrə frankının möhkəmlənməsi, ölkənin iqtisadi sabitliyi və təhlükəsiz investisiya məkanı kimi nüfuzu ilə bağlıdır.

Julius Baer-in tədqiqat rəhbəri Kristian Qattiker bildirib ki, qlobal qeyri-müəyyənlik şəraitində sabit şəhər və ölkələr investorlar üçün daha cəlbedici olur.

Hesabatda qeyd olunur ki, Julius Baer Lifestyle Index 25 qlobal şəhərdə 20 növ lüks məhsul və premium xidmətin qiymətlərini müqayisə edir. Bunlara lüks daşınmaz əmlak, avtomobillər, biznes-klass aviareyslər, özəl məktəblərdə təhsil və yüksək səviyyəli restoran xidmətləri daxildir.

2026-cı il araşdırması investisiya edilə bilən aktivlərinin həcmi ən azı 1 milyon dollar olan 360 varlı şəxsin iştirakı ilə bu ilin fevral-mart aylarında aparılıb.

Hesabatda həmçinin qeyd edilir ki, Dubay reytinqdə 14-cü yerə enib. Mütəxəssislərin fikrincə, bu geriləmə Dubayda həyatın ucuzlaşması ilə deyil, digər iri şəhərlərdə qiymətlərin daha sürətlə artması ilə əlaqədardır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Sinqapur Julius Baer Group Ltd

Digər Xəbərlər