Avropanın silahlandırılması təhlükəlidir - Kreml

Avropanın silahlandırılması təhlükəlidir -
Dünya 21-03-2025 - 16:26

Kreml sözçüsü Dmitri Peskov Moskvanın gündəmdəki mövzularla bağlı jurnalistlərin suallarını cavablandırıb.

Ajans.az dünya mediasına istinadən xəbər verir ki, Avropanın silahlandırılması məsələsinə toxunan Peskov, bir çox Avropa vətəndaşının bu prosesə qarşı çıxdığını, lakin ölkə rəhbərliklərinin bu yolu tutduğunu qeyd edib.

O bildirib ki, “Avropanın hərbiləşdirilməsi çox təhlükəli tendensiyadır. Bu, vəziyyətin sakitləşməsinə və qarşılıqlı etimad mühitinin formalaşmasına kömək etmir, həmçinin Avropada təhlükəsizliyə töhfə vermir".

Peskov Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində yerləşən Suca şəhərindəki qaz nasos stansiyasına hücum etdiyini bildirib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın enerji infrastrukturlarına hücum etməyəcəyi ilə bağlı verdiyi vədə əməl etmədiyini vurğulayıb.

"Rusiya Prezidenti Vladimir Putinin əmri qüvvədədir. Rusiya Silahlı Qüvvələri ABŞ və Rusiya arasında əldə olunmuş razılaşmaya uyğun olaraq (30 gün ərzində enerji infrastrukturuna qarşılıqlı hücumlardan çəkinmək) Ukraynanın enerji infrastrukturuna hücum etməkdən çəkinir" – deyə Peskov əlavə edib.

İranın nüvə proqramı məsələsinə də toxunan Kreml sözçüsü bu məsələnin siyasi-diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb:

"Bunun üçün lazımi imkanlar mövcuddur. Lakin bunun üçün siyasi iradə lazımdır. İranın nüvə silahına sahib olmaq planı yoxdur. İran nüvə proqramını beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirir. Digər ölkələr kimi İran da sülhməramlı nüvə sektorunu inkişaf etdirmək hüququna malikdir".

PAYLAŞ: