Açıq havada satılan qidalar ölüm saçır - Ekspertdən XƏBƏRDARLIQ

Açıq havada satılan qidalar ölüm saçır -
Sağlamlıq 25-02-2025 - 12:46

“Küçədə satılan süd, pendir, qatıq və digər ağartı məhsulları tez xarab olan, mikrobioloji çirklənməyə meyilli qida növlərinə aiddir. Bu cür məhsulların nəzarətsiz şəraitdə satışı ciddi təhlükə yarada bilər”.

Bunu Ajans.az-a açıqlamasında qida üzrə ekspert Asim Vəli deyib. O bildirib ki, ağartı məhsulları optimal temperaturda saxlanılmadıqda salmonella, E. coli, listeriya kimi təhlükəli bakteriyalarla çirklənə bilər:

“Keyfiyyətsiz və çirkli qablaşdırma da bu kimi məhsullar üçün təhlükə yaradır. Məhsullar açıq hava, toz, həşəratlar və çirkli əllərlə təmasda olur.

Küçədə satılan süd məhsullarının hansı şəraitdə istehsal edildiyi məlum deyil, bu da saxtakarlıq və keyfiyyətsizlik riskini artırır. Bu cür məhsullar istifadə edildikdə ishal, qida zəhərlənmələri, bağırsaq infeksiyaları və hətta ağır qida toksikoinfeksiyaları baş verə bilər”.

Ekspertin sözlərinə görə, belə məhsulları seçərkən ilk növbədə qablaşdırmaya diqqət etməliyik:

“Məhsul gigiyenik qaydalara uyğun qablaşdırılmalıdır. Məhsullar soyuducu şəraitdə saxlanılmalıdır. Küçədə açıq havada, günəş altında satılan süd məhsulları sürətlə xarab olur. Belə halda mənşəyi bilinən məhsullara üstünlük verməliyik. Sertifikatlı, markalanmış məhsulları almaq daha təhlükəsizdir. Turş iy, kəskin qoxu, qeyri-adi dad varsa, məhsul yararsızdır”.

Asim Vəli qeyd edib ki, açıq havada satılan digər qida məhsulları da təhlükə saçır:

“Açıq havada, temperatur nəzarəti olmadan satılan kolbasa məhsulları tez xarab olur və botulizm, salmonellyoz kimi təhlükəli xəstəliklərə səbəb ola bilər. Küçədə satılan balıq məhsulları tez çürüyür və ağır zəhərlənmələrə gətirib çıxara bilir. Küçədə satılan konservlər və yarımfabrikat məhsulların düzgün saxlanılmaması botulizm və digər ciddi infeksiyalara səbəb ola bilər.

Küçədə, metro kənarında açıq şəkildə satılan süd, ət, balıq və digər tez xarab olan məhsulları almaq qida təhlükəsizliyi baxımından ciddi risk daşıyır”.

Cavidan Mirzəzadə / Ajans.az 

Ajans.az
Vəzifəsi: Redaktor
PAYLAŞ: