Yeni il gəlmədən o xəbər gəldi: Pensiyaçılara MÜJDƏ
2026-cı ilin əvvəlindən Azərbaycanda özəl pensiya sisteminin tətbiqi gözlənilir. Məlumata görə, vətəndaşlar pensiya kapitallarının bir hissəsini özəl fondlara yönləndirə və bu vəsaiti müəyyən yaşdan sonra birbaşa istifadə edə biləcəklər. Sistemin həyata keçirilməsi ilə bağlı qanun layihəsi hazırda aidiyyəti qurumlar arasında müzakirə edilir. Bu yenilik həm sığorta bazarına, həm də vətəndaşların pensiya imkanlarına ciddi təsir göstərə bilər.
Bəs özəl pensiya fondlarının vətəndaşlara hansı üstünlükləri olacaq?
Məsələ ilə bağlı İqtisadçı Xalid Kərimli Ajans.az-a bildirib ki, Azərbaycanda yaradılacaq öz pensiya fondlarının qanununu bilmədiyimi üçün bunun Avropada işlədiyi mexanizm barədə məlumat vermək mümükündür.
O qeyd edib ki, icbari pensiya sistemindən fərqli olaraq, özəl pensiya fondları könüllü əsasda fəaliyyət göstərəcək. Yəni, vətəndaş bu sistemə qoşulub-qoşulmamaq qərarını özü verəcək:
"İcbari pensiya sistemində maaşdan məcburi tutulmalar həyata keçirilir, lakin özəl pensiya sistemində bu proses könüllülük əsasında aparılacaq. Avropada işəgötürənlər əmək bazarındakı rəqabəti nəzərə alaraq, işçilərə özəl pensiya fondlarına qoşulma kimi əlavə üstünlüklər təklif edirlər. Lakin Azərbaycanda iş tapmaqla bağlı problemlər və əmək bazarındakı mövcud vəziyyət səbəbindən işəgötürənlərin belə təşəbbüslər irəli sürməsi hələlik real görünmür".
Xalid Kərimli əlavə edib ki, özəl pensiya fondlarının əsas üstünlüklərindən biri çevikliyidir. Mütəxəssisin sözlərinə görə, vətəndaş pensiya yaşına çatdıqda özəl fondlarda toplanan məbləği bir dəfəlik tam şəkildə götürə bilər. Alternativ olaraq, həmin fonddan əlavə aylıq pensiya ödənişi də ala bilər:
"Vətəndaşlar öz vəsaitlərini uzunmüddətli perspektivdə artırmaq üçün fondlara yatıra bilərlər. Toplanan məbləği istifadə edərək yeni təsərrüfat qurmaq və ya mövcud bizneslərini genişləndirmək mümkün olacaq. Özəl fondlar dövlət nəzarətində fəaliyyət göstərəcəyindən vətəndaşların vəsaitlərinin təhlükəsizliyi təmin olunacaq. Özəl fondlar vasitəsilə əlavə gəlir əldə etmək üçün müxtəlif maliyyə strategiyaları tətbiq edilə bilər.
Hazırda Azərbaycanda pensiya kapitalı əsasən icbari fondlar vasitəsilə yığılır və bu, çox vaxt minimal pensiya məbləğini təmin etməyə kifayət edir. Lakin özəl pensiya fondlarının tətbiqi ilə bu sistemin daha çevik və vətəndaşların maraqlarına uyğun hala gətirilməsi planlaşdırılır".
Xalid Kərimli hesab edir ki, özəl fondların fəaliyyəti yalnız vətəndaşların pensiya imkanlarını artırmayacaq, həm də ölkənin sığorta bazarının inkişafına güclü təkan verəcək. Belə ki, özəl fondların həyat sığorta şirkətləri vasitəsilə idarə olunması sığorta bazarının həcmini əhəmiyyətli dərəcədə artıracaq.