Ötən il 51 şəxs Azərbaycana ekstradisiya edilib

2024-cü ildə yerli və dövlətlərarası axtarışda olan 7 500 nəfərin yeri müəyyən edilib.
Ajans.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müxtəlif cinayətlər törətmiş 16 min 700, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 3 300 şəxs saxlanılaraq məhkəmə məsuliyyətinə verilib:
“Ötən il 1 600 nəfərdən ibarət 639 cinayətkar qrup zərərsizləşdirilib. Habelə heyvanların kəsilməsinə və ət satışına yol verən 18 min 700 şəxs, avtomobilinin mühərrikinin işlənmiş qazlarında zəhərli maddələrin miqdarı normadan artıq olan 15,3 min sürücü barədə qanunauyğun tədbirlər görülüb”.
Bundan başqa 2024-cü il ərzində 51 şəxsin Azərbaycana, 31 şəxsin isə Azərbaycandan xarici ölkələrə ekstradisiyası təmin edilib.
Hesabata əsasən, Kolumbiyadan 1, Rusiyadan 36, Gürcüstandan 7, Polşadan 1, Almaniyadan 2 Qazaxıstandan 2, Macarıstandan 1, Belarusdan 1 şəxs olmaqla, ümumilikdə 51 şəxsin Azərbaycan Respublikasına ekstradisiya olunması təmin edilib.
“Hesabat dövründə həmçinin Omana 1, Rusiyaya 4, Özbəkistana 9, Tacikistana 2, Qazaxıstana 3, Türkmənistana 1, Pakistana 2, İrana 1, Türkiyəyə 3, Lüksemburqa 1, Rumıniyaya 1, Gürcüstana 1, Avstriyaya 1 və Almaniyaya 1 nəfər olmaqla, cəmi 31 şəxsin Azərbaycan Respublikasından ekstradisiyası təmin olunub”.