ABŞ-də keçmiş hərbçi Trampı öldürməyə ÇAĞIRDI
ABŞ-nin Florida ştatından olan keçmiş dəniz piyadası və Konqresə keçmiş namizəd Uilyam Upham Prezident Donald Trampı hədələyən açıqlamalar verib.
Ajans.az xəbər verir ki, Upham sosial şəbəkə hesabında paylaşdığı videoda Trampı "Dəccal" və "yalançı məsih" adlandıraraq, onun öldürülməli olduğunu iddia edib. O, həmçinin hazırda "Tanrı ilə Dəccal arasında şərə qarşı mübarizə getdiyini" söyləyib.
ABŞ Dəniz Piyadaları Korpusu bildirib ki, Uilyam Uphamın narahatedici açıqlamalarından xəbərdardır. Qurumun məlumatına görə, Upham 30 may 2025-ci ildə tibbi səbəblərə görə xidmətdən tərxis olunub.
Açıqlamada vurğulanıb ki, Uphamın səsləndirdiyi fikirlər hərbi xidmət zamanı qəbul etdiyi öhdəliklərə ziddir və ABŞ Dəniz Piyadaları Korpusunun dəyərlərini əks etdirmir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi vəzifəsini icra edən Honq Kao isə bildirib ki, "Uilyam Upham artıq dəniz piyadası deyil."