İspaniyanın Baş nazirin həyat yoldaşı Ankaraya BURAXILMADI
İspaniya məhkəməsi Baş nazir Pedro Sançesin həyat yoldaşı Beqona Qomezin NATO Zirvəsində iştirak etmək üçün Ankaraya səfərinə icazə verməyib. Pasportu müvəqqəti müsadirə olunan Qomez barəsində dörd ayrı ittiham üzrə araşdırma aparılır.
Ajans.az xəbər verir ki, məhkəmə Beqona Qomezin 7–10 iyul tarixlərində həyat yoldaşını NATO Zirvəsində müşayiət etmək məqsədilə Türkiyəyə səfər etməsi ilə bağlı müraciətini rədd edib. Bununla yanaşı, ona qızının məzuniyyət mərasimində iştirak etmək üçün Londona getməyə icazə verilib.
İspaniyanın EFE agentliyinin məlumatına görə, hökumət bu qərarı "təəccüblə" qarşılayıb. Baş nazirlikdəki mənbələr Ankaraya səfərə qadağa qoyulmasını, lakin Londona icazə verilməsini "anlaşılmaz" qərar kimi qiymətləndiriblər.
Beqona Qomezin işi üzrə əsas hakim Juan Karlos Peinado məzuniyyətdə olduğundan, müraciətə hakim Antonio Viexo baxıb.
Qərarda qeyd olunub ki, Türkiyə Avropa İttifaqının üzvü olmadığından məhkəmə və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq imkanları fərqlidir. Bundan başqa, hakim hesab edib ki, Qomezin NATO Zirvəsində iştirakı rəsmi və institusional xarakter daşıyır və onun tədbirdə aktiv rolu nəzərdə tutulmur. Bu səbəbdən Ankaraya səfərə icazə verilməyib.
Eyni zamanda məhkəmə Böyük Britaniyaya səfərə icazə verərək bunu İspaniya ilə Böyük Britaniya arasında mövcud hüquqi əməkdaşlıq və səfərin ailə xarakterli olması ilə əsaslandırıb.
Qeyd edək ki, Beqona Qomez İspaniya tarixində pasportu məhkəmə qərarı ilə müsadirə edilən ilk baş nazirin həyat yoldaşıdır. O, nüfuzundan sui-istifadə, korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə istintaqa cəlb olunub.
Hakim Juan Karlos Peinado ölkədən qaçma riskini əsas gətirərək iyunun 24-də Qomezin pasportunun müsadirə edilməsinə qərar verib.