İsveçrə Azərbaycan iqtisadiyyatına investisiyaları artırıb
Cari ilin birinci rübündə İsveçrənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 13,256 milyon ABŞ dolları təşkil edib.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi "2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş və xarici ölkələrin iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalar" hesabatında bildirilib.
Bankın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,471 milyon ABŞ dolları və ya 22,9 faiz çoxdur.
Bundan əlavə, AMB-nin məlumatına əsasən, hesabat dövründə İsveçrənin Azərbaycana yönəldilmiş ümumi birbaşa xarici investisiyalar içərisində payı 0,8 faiz təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 1,720 milyard ABŞ dollarına çatıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 201,2 milyon ABŞ dolları və ya 13,2 faiz çoxdur.
AMB-nin məlumatına görə, eyni zamanda, Azərbaycandan xarici ölkələrin iqtisadiyyatlarına yönəldilmiş birbaşa investisiyaların həcmi 1,110 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 794,7 milyon ABŞ dolları və ya 3,5 dəfə üstələyib.