Dövlət satınalmalarında YENİ REKORD
Azərbaycanda dövlət satınalmalarının həcmi son beş ildə 1,6 dəfə artaraq 10,8 milyard manata yüksəlib.
Ajans.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, dövlət satınalmalarının həcminin artması iqtisadi fəallığın genişlənməsinə, yerli müəssisələrin sifariş portfelinin böyüməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradır.
Elnur Bağırov qeyd edib ki, 2020-ci ildə dövlət satınalmalarının ümumi həcmi 6,6 milyard manat olub. 2025-ci ildə bu rəqəm 1,6 dəfə artaraq 10,8 milyard manata çatıb.
Onun sözlərinə görə, 2025-ci ildə 2000-dən çox satınalan təşkilat tərəfindən keçirilmiş 19 min satınalmada 9 minə yaxın təchizatçı iştirak edib.
Agentlik sədri əlavə edib ki, elektron satınalmaların inkişafı da bu sahədə mühüm rol oynayıb. Belə ki, 2025-ci ildə elektron satınalmalar 2020-ci illə müqayisədə say baxımından 4,3 dəfə, məbləğ baxımından isə 5,3 dəfə artıb.
Mələksəda Ziyad