Tenderlərə süni intellekt NƏZARƏT EDƏCƏK
Azərbaycanda dövlət satınalmalarında süni intellekt texnologiyalarının tətbiqi nəzərdə tutulur.
Ajans.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmsallaşma fonunda dövlət satınalmalarında süni intellekt texnologiyalarının tətbiqi ilə ənənəvi tənzimləmə və qiymətləndirmə metodlarında yeni mərhələ başlayır.
Elnur Bağırovun sözlərinə görə, süni intellekt alqoritmləri satınalma şərtlərini avtomatik təhlil etməyə, potensial riskləri və rəqabəti məhdudlaşdıra biləcək halları erkən mərhələdə müəyyən etməyə imkan verəcək.
Agentlik sədri qeyd edib ki, məqsəd dövlət satınalmalarında şəffaflığın artırılması, insan amilindən irəli gələn risklərin azaldılması və daha əlçatan biznes mühitinin formalaşdırılmasıdır.
Mələksəda Ziyad