Avropada anomal istilər asfaltı ƏRİTDİ
Qərbi Avropanı bürüyən güclü istilər nəqliyyat infrastrukturuna ciddi təsir göstərib. Anomal hava şəraiti nəticəsində dəmir yollarında deformasiya, asfalt örtüyünün əriməsi, qatarların gecikməsi və çay nəqliyyatında məhdudiyyətlər müşahidə olunur.
Ajans.az xəbər verir ki, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) sözçüsü Jan Rodriges Cenevrədə keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, davam edən istilik dalğası iqlim dəyişikliyinin nəqliyyat infrastrukturu üçün yaratdığı riskləri açıq şəkildə nümayiş etdirir.
Rodriges bildirib ki, yüksək temperatur nəticəsində bir sıra ölkələrdə dəmir yolu xətlərində deformasiya yaranıb, siqnalizasiya və elektrik avadanlıqlarında nasazlıqlar qeydə alınıb, qatarların hərəkət sürəti təhlükəsizlik məqsədilə azaldılıb, bu isə reyslərin gecikməsinə və ləğvinə səbəb olub.
Bundan əlavə, asfalt örtüyünün əriməsi və deformasiyası, işıqforların sıradan çıxması, şəhərlərdə nəqliyyat sıxlığının artması, eləcə də çaylarda su səviyyəsinin və naviqasiya şəraitinin dəyişməsi səbəbindən yük və sərnişin daşımalarında çətinliklər yaranıb.
UNECE-nin çərşənbə axşamı dərc etdiyi hesabata əsasən, 2050–2080-ci illər arasında Avropanın dəmir yolu şəbəkəsinin təxminən 90 faizi daha yüksək temperaturun təsirinə məruz qalacaq. Proqnozlara görə, nəqliyyat infrastrukturu hər il 25 dərəcədən yuxarı temperaturun müşahidə olunduğu əlavə 10–15 günə, bəzi regionlarda isə 200 günədək davam gətirməli olacaq.
Komissiya xəbərdarlıq edib ki, iqlim dəyişikliyi gələcəkdə yolların və dəmir yollarının deformasiyası, körpülərin zədələnməsi, meşə yanğınları və daşqınlar kimi riskləri artıracaq. Bu səbəbdən təşkilat ölkələri nəqliyyat infrastrukturunun layihələndirilməsi və istismarı zamanı iqlim risklərini nəzərə almağa çağırıb.