Aİ Ukrayna üçün yeni maliyyə paketini müzakirə edir
Avropa İttifaqı 2027-ci ildən sonra da Ukraynada hərbi əməliyyatların davam edəcəyi təqdirdə Kiyevə əlavə maliyyə dəstəyi göstərilməsi imkanlarını müzakirə etməyə başlayıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hazırda qüvvədə olan və ümumi dəyəri 90 milyard avro təşkil edən iki illik dəstək proqramı 2027-ci ilin sonuna qədər nəzərdə tutulub. Bu səbəbdən Brüssel artıq maliyyələşdirmənin davam etdirilməsi üçün mümkün mexanizmlər üzərində işləyir.
Ukrayna tərəfinin açıqlamasına əsasən, mövcud paket çərçivəsində 30 milyard avro dövlət büdcəsinin dəstəklənməsinə, 60 milyard avro isə müdafiə xərclərinin maliyyələşdirilməsinə yönəldilib. Kiyev hesab edir ki, bu vəsait növbəti iki il ərzində ölkənin maliyyə ehtiyaclarının təxminən üçdə ikisini qarşılayacaq.
Bununla yanaşı, Ukraynanın əlavə olaraq 30–45 milyard avroya ehtiyac duyduğu bildirilir. Bu vəsaitin cəlb edilməsi məsələsi hazırda G7 ölkələri və NATO müttəfiqləri ilə müzakirə olunur.
Avropa Komissiyasının hesablamalarına görə, Ukraynanın 2026–2027-ci illər üzrə xarici maliyyələşdirmə ehtiyacı təxminən 135,7 milyard avro təşkil edir.
Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib ki, ölkənin makromaliyyə sabitliyinin qorunması və dövlət büdcəsinin maliyyələşdirilməsi üçün beynəlxalq tərəfdaşların dəstəyi hələ də həyati əhəmiyyət daşıyır.
Bəzi KİV-lərin hökumət mənbələrinə istinadən yaydığı məlumata görə, Ukrayna rəhbərliyi uzunmüddətli hərbi ssenarini də nəzərə alaraq hazırlıqlarını davam etdirir. Bununla yanaşı, diplomatik həll imkanlarının da tam istisna edilmədiyi bildirilir.