Reklam resmi
Reklam resmi

Heydər Əliyev Mərkəzində “Türk Dünyası Həftəsi”nin rəsmi açılış mərasimi keçirilib-FOTOLAR

Heydər Əliyev Mərkəzində “Türk Dünyası Həftəsi”nin rəsmi açılış mərasimi keçirilib-FOTOLAR
Cəmiyyət

İyunun 29-da Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” başlanıb.

Ajans.az xəbər verir ki, Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.

İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə gerçəkləşir.

Heydər Əliyev Mərkəzində həftənin əsas tədbiri – “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin rəsmi açılış mərasimi keçirilib. 

Konqresdə türk respublikaları daxil olmaqla ümumilikdə 20 ölkədən rəsmilər, müxtəlif elmi mərkəzlərdən126 nəfər türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak edirlər. 

Əvvəlcə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konqres iştirakçılarına müraciətini səsləndirib. 

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin, Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev Prezident Sadır Japarovun, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazqı Prezident Rəcəb Tayyib Ərdoğanın, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Prezident Şavkat Mirziyoyevin müraciətlərini diqqətə çatdırıblar.

Sonra Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Tədbirdə açılış nitqi söyləyən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”ni bütün türk xalqlarının elmi və mədəni irsinin öyrənilməsi, təbliği baxımından əlamətdar hadisə olduğunu deyib. Nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizin Türk dünyası ilə əlaqələrinə xüsusi önəm verilir: “Azərbaycan dövləti Birinci Türkoloji Qurultayın irsinə hər zaman böyük diqqət və ehtiramla yanaşıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı ilə bu yubiley dövlət səviyyəsində qeyd olunur. Bu, Azərbaycan dövlətinin Türk dünyasının ortaq elmi və mədəni irsinə verdiyi yüksək dəyərin növbəti təzahürüdür.

Biz bu gün yüz il əvvəl Bakıda əsası qoyulmuş böyük bir ideyanın – ortaq mədəniyyət və mənəvi birlik ideyasının bir əsrlik tarixini qeyd edirik.

Möhtərəm Prezident cənab İlham Əliyevin bu tədbirin şüarına çevrilmiş dəyərli ifadəsi var: “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır”.

Bu gün həmin sözlərin ən canlı təcəssümünü bu məkanda görürük. Ailə bir araya gəlib. Fərqli ölkələrdən, fərqli şəhərlərdən gəlsək də, bizi birləşdirən ortaq tariximiz, ortaq yaddaşımız və ortaq dəyərlərimizdir”.

Adil Kərimli çıxışının sonunda beynəlxalq konqresin və “Türk Dünyası Həftəsi”nin işinə uğurlar arzulayıb.

Sonra Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev və Azərbaycan Milli Məclisinin sədr müavini akademik Rafael Hüseynovun çıxışları dinlənilib. 

Çıxışlardan sonra Türk dünyasının tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Beynəlxalq konqres öz işini plenar iclas və panel müzakirə ilə davam etdirəcək.

Mövzular:
Heydər Əliyev Mərkəzi Türk Dünyası Həftəsi mərasimi keçirilib

Digər Xəbərlər