İğdır-Naxçıvan qaz kəməri - İrandan asılılıq aradan qalxır

İğdır-Naxçıvan qaz kəməri - İrandan asılılıq aradan qalxır
İqtisadiyyat 03-03-2025 - 11:18

“İğdır-Naxçıvan kəməri Naxçıvanın daha stabil enerji təchizatına gətirib çıxaracaq”.

Bunu Ajans.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, hal-hazırda Naxçıvanın qaz təchizatı yalnız İran üzərindən həyata keçirilir:

“Azərbaycan bu baxımdan İrandan asılıdır. Təbii ki, İran bunu havayı etmir, müəyyən komissiya tutur, belə bir razılaşma var. Bu baxımdan ikinci bir qaz kəmərinin çəkilməsi ölkəmizin maraqlarına uyğundur. Türkiyə özü də qazı Azərbaycandan alır. Yəqin ki, müəyyən razılaşmalar əsasından buradan Türkiyəyə göndərilən qaz tranzit haqları çıxılandan sonra Naxçıvana göndəriləcək. İstənilən halda Naxçıvanın enerji təchizatının diversifikasiya olunmasıdır”.

Ekspert bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi imkan vermir ki, Azərbaycanın öz ərazisindən Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvana qaz çəkilsin:

“Azərbaycan onsuzda Zəngilana qaz çəkir, oradan Naxçıvana dəhliz vasitəsi ilə bir neçə kilometrdir. Ermənistan buna imkan vermir. Ona görə də, bir mənbədən asılı olmaq ölkəmizin enerji təhlükəsizliyi baxımından yaxşı hal deyil. İğdır-Naxçıvan kəməri Naxçıvanın daha stabil enerji təchizatına gətirib çıxaracaq”.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəmərinin əsası 2023-cü ilin 25 sentyabrında qoyulub. Təməlqoyma mərasimində Türkiyə prezidenti R. T. Ərdoğan və Azərbaycan lideri İlham Əliyev iştirak ediblər. 

Qaz kəmərinin yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir. Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. 

Cavidan Mirzəzadə / Ajans.az

PAYLAŞ: