"Qara polkovnik" öldü
Sovet və rus siyasətçisi Viktor Alksnis 74 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə Alksnisin rəhbərlik etdiyi “Qara polkovnik” teleqram kanalında onun qızı İrina məlumat yayıb.
O bildirib ki, dekabrın 30-na keçən gecə atası hemorragik insult keçirib və komaya düşüb. Alksnisə 2019-cu ildə prostat xərçəngi diaqnozu qoyulub.
Viktor Alksnis - aviasiya polkovniki, 2000-2007-ci illərdə Dövlət Dumasının deputatı. 1989-1991-ci illərdə SSRİ xalq deputatı, Latviya SSR Ali Sovetinin deputatı olub. O, Sovet İttifaqının dağılmasının əleyhdarı kimi şöhrət qazanıb, 1991-ci ilin avqustunda SSRİ prezidenti Mixail Qorbaçovun siyasətinə qarşı çıxan Fövqəladə Hallar üzrə Dövlət Komitəsini (QKÇP) dəstəkləyib. Alksnis mediada "Qara polkovnik" ləqəbi ilə tanınır.
1992-ci ilin oktyabrında Alksnis Latviyadan Rusiyaya gedib və ona qarşı “Latviyanın SSRİ-dən ayrılmasına qarşı yönəlmiş deputatlıq və siyasi fəaliyyətə” görə “dövlətə xəyanət” maddəsi ilə iş açılıb. O vaxtdan bəri o, bu ölkədə "persona non-qrata" olub. 2005-ci ildə Alksnis Sevastopolda keçirilən mitinqdə çıxış edərək Krımın Rusiyanın bir hissəsi olması lazım olduğunu bildirdikdən sonra Ukraynaya girişi qadağan edilib. 2022-ci ilin fevralında Alksnis Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləyib.