Türkiyədə bələdiyyə sədri və əri SAXLANILIB
Türkiyədə aparılan korrupsiya istintaqı çərçivəsində İzmit Bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyet və həyat yoldaşı Murat Hürriyet saxlanılıb.
Ajans.az xəbər verir ki, bu barədə Haber Global televiziya kanalı məlumat yayıb.
Məlumata görə, istintaq çərçivəsində ümumilikdə 33 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 28-i artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Əməliyyat zamanı polis İzmit Bələdiyyəsinin inzibati binasında, eləcə də Fatma Kaplan Hürriyetin yaşadığı ünvanda axtarış aparıb.
İstanbul Respublika Prokurorluğunun açıqlamasına əsasən, saxlanılan şəxslər cinayətkar təşkilat yaratmaq, korrupsiya və dövlət satınalmaları (tender) zamanı saxtakarlıqda ittiham olunurlar.
Prokurorluğun göstərişi ilə İstanbul, Ankara, Antalya, Kırıkkale və Kocaeli vilayətlərində eyni vaxtda əməliyyatlar keçirilib.
Qeyd edək ki, istintaq davam edir və ittihamlarla bağlı məhkəmənin yekun qərarı hələ açıqlanmayıb.