İngiltərədə qalmaqal: Çay imperiyasının varisi uşaqlarını QAÇIRDI
Böyük Britaniyada çay imperiyasının varisi olduğu bildirilən Nişika Samaratunqa iki azyaşlı oğlunu amerikalı atalarına qaytarmadığı üçün beynəlxalq hüquqi mübahisənin mərkəzinə düşüb.
Ajans.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, Seylon çay şirkəti Mackwoods-un qurucusunun nəvəsi olan 34 yaşlı Nişika Samaratunqa bu ilin mart ayında Kolorado məhkəməsinin qərarına əməl etməyərək beş yaşlı Bleyn və üç yaşlı Neyti Böyük Britaniyaya razılaşdırılmış səfərdən sonra ataları Ben Bayerə təhvil verməyib.
Məlumata əsasən, Samaratunqa hazırda Böyük Britaniyadadır və uşaqların olduğu yeri gizlədir. Ataları Ben Bayer isə oğullarının məktəbə getmədiyini və lazımi tibbi yardım almadığını iddia edir.
43 yaşlı Ben Bayer məsələ ilə bağlı London Ali Məhkəməsinə müraciət edib. Məhkəmə axtarış işlərinə kömək məqsədilə uşaqların adlarının və fotolarının ictimaiyyətə açıqlanmasına xüsusi icazə verib.
Kolorado məhkəməsi də uşaqların tapılaraq ABŞ hüquq-mühafizə orqanlarının himayəsinə verilməsi barədə qərar çıxarıb. Məhkəmə sənədlərində Nişika Samaratunqanın "planlaşdırılmış uşaq qaçırılmasına uyğun hərəkətlər etdiyi" və məhkəmənin uşaqların geri qaytarılması barədə qərarının icrasına birtərəfli şəkildə mane olduğu qeyd edilib.