Gürcüstan İŞIQSIZ QALDI
Gürcüstanda elektrik şəbəkəsində baş verən irimiqyaslı nasazlıq səbəbindən ölkənin böyük hissəsi işıqsız qalıb.
Ajans.az xarici mediaya istiandən xəbər verir ki, hadisə iyulun 24-nə keçən gecə, təxminən saat 00:10-da baş verib. Elektrik kəsintisi Tbilisi ilə yanaşı, ölkənin digər şəhərlərini, eləcə də işğal altında olan Abxaziya bölgəsini əhatə edib.
Nasazlıq nəticəsində Gürcüstan Su və Enerji Şirkətinin idarə etdiyi nasos stansiyaları avtomatik olaraq fəaliyyətini dayandırıb. Elektrik enerjisi istehlakı isə 1860 MVt-dan 564 MVt-a qədər kəskin azalıb.
Məlumata görə, elektrik enerjisinin verilişi gecə saat 02:00-dan sonra mərhələli şəkildə bərpa olunmağa başlayıb və səhər saatlarınadək ölkə üzrə enerji təchizatı tam bərpa edilib.
Gürcüstanın Dövlət Elektrik Şəbəkəsi kəsintinin səbəbinin araşdırıldığını, hadisə ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağını bildirib.
Qeyd edək ki, bu, Gürcüstanda son dövrdə baş verən ilk genişmiqyaslı elektrik kəsintisi deyil. 2025-ci ilin aprelində də "Kavkasioni" 500 kilovoltluq elektrik ötürücü xəttində yaranan nasazlıq səbəbindən ölkədə oxşar problem yaşanmışdı.