Bu ölkə Rusiyaya məhsulların idxalını QADAĞAN ETDİ
Latviya Rusiya və Belarusda istehsal olunmuş bir sıra məhsulların ölkəyə idxalını qadağan edib.
Ajans.az xəbər verir ki, bu barədə Delfi məlumat yayıb.
Bildirilib ki, ölkə parlamenti (Seym) iyulun 23-də "Ukraynanın mülki əhalisinə dəstək haqqında" qanuna müvafiq dəyişiklikləri yekun oxunuşda qəbul edib.
Qadağa tətbiq ediləcək məhsulların tam siyahısı hökumət tərəfindən təsdiqlənəcək. İlkin məlumata görə, siyahıya rus dilində kitablar və dövri nəşrlər, video oyunlar, idman malları, oyuncaqlar, geyim və ayaqqabılar daxil ediləcək.
Yeni qaydalar yalnız birbaşa idxala deyil, həm də üçüncü ölkələr vasitəsilə bu məhsulların Latviyaya gətirilməsinə şamil olunacaq. Bununla yanaşı, Rusiya və Belarus istehsalı olan malların Latviya ərazisindən digər Avropa İttifaqı ölkələrinə tranzit daşınmasına icazə veriləcək.
Latviyanın xarici işlər naziri Baiba Braže bildirib ki, Rusiya kitab və dövri nəşrlərdən təbliğat vasitəsi kimi istifadə edir. Hökumət etiraf edir ki, yeni qadağa bəzi sektorlarda qiymət artımına səbəb ola bilər. Bununla belə, rəsmi qurumlar həmin məhsulların digər ölkələrdən idxal edilən analoqlarla əvəzlənəcəyini bildirirlər.
Qanun layihəsinin izahatına əsasən, 2022-ci ildən etibarən Latviyanın Rusiya və Belarusdan idxalı 91 faiz azalıb. 2025-ci ildə bu ölkələrdən idxalın həcmi 193 milyon avro təşkil edib ki, bu da Latviyanın ümumi mal idxalının 1 faizindən azdır. Qadağa tətbiq olunacaq məhsulların ümumi dəyərinin isə təxminən 12,5 milyon avro olduğu bildirilir.