Telegram qurucusu 4-cü dəfə istintaqa çağırıldı
Telegram-ın qurucusu Pavel Durov messencerin mümkün cinayətkar fəaliyyətdə istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində Parisdə növbəti dəfə dindirilib.
Ajans.az xəbər verir ki, Le Figaro qəzetinin məlumatına görə, dindirmə altı saatdan çox davam edib. AFP agentliyinin mənbəsi bildirib ki, bu, Durovun 2024-cü ildə ona qarşı ittihamlar irəli sürüldükdən sonra dördüncü dindirilməsidir.
Durovun vəkilləri bəyan ediblər ki, cinayət işinin başlanmasından təxminən iki il keçməsinə baxmayaraq, irəli sürülən ittihamları təsdiqləyən hər hansı əsaslı sübut təqdim olunmayıb. Müdafiə tərəfi həmçinin Fransa və Avropa məhkəmələrinə şikayətlər etdiklərini açıqlayıb.
Xatırladaq ki, Pavel Durov 24 avqust 2024-cü ildə Parisdəki Le Burje hava limanında saxlanılıb. Ona qarşı Telegram platformasının moderatorluğu ilə bağlı bir sıra ittihamlar irəli sürülüb. İstintaqın versiyasına görə, o, platformanın cinayətkar məqsədlərlə istifadəsinə şərait yaratmaqda şübhəli bilinir.
Mayın 17-də Paris prokuroru Lore Beko Durova qarşı istintaqın davam etdiyini və onun məhkəmə nəzarəti altında qaldığını açıqlayıb. Durov isə aprelin 20-də Fransada hər biri 10 ilədək həbs cəzası nəzərdə tutan 12 ittiham üzrə istintaq edildiyini bildirib.
Bundan sonra o, Fransa rəsmilərini kriptovalyuta cüzdanı sahiblərinə dair məlumatların qanunsuz şəkildə satılmasında ittiham edib və Telegram-ın Fransa bazarını tərk edə biləcəyini istisna etməyib. Durov həmçinin Fransanın dövlət qurumlarında baş verən məlumat sızmaları və şəxsi məlumatların qorunması ilə bağlı tənqidi açıqlamalar verib.