Sərnişinlər 30,200 və 300 manat CƏRİMƏLƏNƏ BİLƏR
Sərnişinlərin bəzi səhvləri 30-300 manat cəriməyə səbəb ola bilər.
Ajans.az-ın özəl məlumatına görə, yol hərəkəti ilə bağlı yeni qanun dəyişiklikləri təkcə sürücülərə deyil, sərnişinlərə də yeni öhdəliklər gətirib. Artıq təhlükəsizlik kəmərindən istifadə etməyən, minmə-düşmə qaydalarını pozan və digər qanun pozuntularına yol verən sərnişinlər də cərimə ilə üzləşə bilər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı ajans.az-a bildirib ki, sərnişinlərə tətbiq edilən 30 manatlıq cərimə təhlükəsizlik kəmərindən istifadə etmədikdə nəzərdə tutulur və bu məsuliyyət birbaşa sərnişinin üzərinə düşür.
Onun sözlərinə görə, bu inzibati məsuliyyət sürücüyə aid deyil. Lakin yol-nəqliyyat hadisəsi baş verərsə və təhlükəsizlik kəməri taxmayan sərnişin xəsarət alarsa və ya həyatını itirərsə, sürücü daşıdığı sərnişinin təhlükəsizliyini təmin etmədiyi üçün məsuliyyətə cəlb oluna bilər”
“Sərnişinlərlə bağlı cərimələr yalnız təhlükəsizlik kəməri ilə məhdudlaşmır. Avtomobildən hər hansı əşyanın və ya zibilin yola atılması da ciddi inzibati məsuliyyət yaradır. Bu halda tətbiq olunan cərimələr 200 manatdan başlayır və qanunvericiliyə uyğun olaraq 300 manata qədər arta bilir.”
Minmə və düşmə qaydalarına toxunan Elməddin Muradlı xatırladıb ki, “Yol hərəkəti haqqında” Qanunun 41-ci maddəsində sərnişinlərin vəzifələri aydın şəkildə göstərilib. Onun sözlərinə görə, sərnişinlər nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə səki və ya yolun çiyini tərəfdən minməli və yalnız avtomobil tam dayandıqdan sonra düşməlidirlər:
“Hərəkətdə olan avtomobilə minmək və ya ondan düşmək, eləcə də yolun ortasında sərnişin mindirib-düşürmək yolverilməzdir. Yalnız səki və ya yolun çiyini tərəfdən minib-düşmək mümkün olmadıqda, bu hərəkət yolun hərəkət hissəsindən edilə bilər. Bunun üçün isə digər hərəkət iştirakçılarına maneə və təhlükə yaradılmamalıdır. Praktikada tez-tez sərnişinlərin, xüsusilə də avtomobilin sol qapısını nəzarətsiz şəkildə açaraq düşməsi ciddi qəzalara səbəb olur. Bu baxımdan sürücü də məsuliyyət daşıyır. Sürücü yan güzgülər vasitəsilə vəziyyəti qiymətləndirməli, yaxınlaşan nəqliyyat vasitəsi olduqda sərnişinə qapını açmamağı bildirməli və təhlükəsiz enib-düşmə şəraitini təmin etməlidir.”
E.Muradlı əlavə edib ki, sərnişinlərin tələskən davranışı və sürücülərin təhlükəsizlik qaydalarına əməl etmədən “burada düş”, “orada min” kimi qərarlar verməsi ağır nəticələrə səbəb ola bilər. Sərnişinlərin minib-düşməsi digər hərəkət iştirakçıları üçün təhlükə yaratmamalıdır. Belə hallarda hadisə baş verərsə, təhlükəsizliyi təmin etmədiyi üçün məsuliyyət sürücünün üzərində qalır.
Ekspert sürücünün diqqətini yayındırmağın da inzibati məsuliyyət yaradan hərəkətlərdən biri olduğunu bildirib:
“Burada söhbət adi söhbətdən deyil, sürücünün diqqətini yoldan yayındıran davranışlardan gedir. Məsələn, telefonda nəsə göstərmək, sürücünü məcbur edib şəkilə, videoya, yol kənarındakı obyektə və ya insanlara baxmağa çağırmaq, diqqətini davamlı şəkildə özünə yönəltmək bu qəbildən olan hərəkətlərdir. “Yol hərəkəti haqqında” Qanunun 41-ci maddəsində açıq şəkildə göstərilir ki, sərnişin hərəkət zamanı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmamalıdır. Belə hallar inzibati məsuliyyət yaratsa da, onların sübut edilməsi asan deyil. Bunun üçün adətən avtomobildə videoqeydiyyat cihazının görüntülərinə ehtiyac yaranır. Yolboyu normal söhbət etmək qayda pozuntusu hesab edilmir. Əsas məsələ sürücünün diqqətinin yoldan yayınmasına səbəb olacaq hərəkətlərə yol verilməməsidir. Sürücünün əsas diqqəti daim yol hərəkətinə yönəlməlidir.”
Təhlükəsizlik kəməri və moto dəbilqə ilə bağlı qaydalardan danışan ekspert bildirib ki, yol polisi vizual müşahidə zamanı sərnişinin avtomobildə təhlükəsizlik kəməri taxmadığını müəyyən edərsə, onun barəsində 30 manat məbləğində inzibati cərimə tətbiq edə bilər. Eyni qayda moped və motosiklet sərnişinlərinə də şamil olunur. Sərnişin dəbilqədən istifadə etmədikdə də 30 manat cərimə nəzərdə tutulur.
Mələksəda Ziyad